İDMAN


FIFA KİV-i İnfantino və qurumun yeni rəhbərliyinin etibarlılığını pozmağa çalışmaqda ittiham edir

Bakı, 5 noyabr, AZƏRTAC

Media Beynəlxalq Futbol Federasiyasının (FIFA) yeni rəhbərliyinin, təşkilatın prezidenti Canni İnfantino və baş katib Fatma Samuranın etibarlılığını pozmağa çalışır.

AZERTAC xəbər verir ki, bu barədə FIFA-nın rəsmi internet saytında bir neçə mətbuat orqanının iddialarına cavab olaraq dərc edilən bəyanatda deyilir.

Bir sıra media orqanları “Football Leaks”ın informasiyasına əsasən, bəzi materiallar nəşr edib. Alman nəşri “Spiegel” Avropa Futbol Federasiyaları Birliyinin (UEFA) baş katibi vəzifəsində işləmiş İnfantino və UEFA-nın keçmiş prezidenti Mişel Platinini ingilis klubu “Mançester Siti”nin 2011-2013-cü illərdə maliyyə pozuntusuna görə cəzadan yayınmasına kömək etməkdə günahlandırıb. Bundan başqa, FIFA rəhbəri fransız klubu Pari Sen-Jermeni müdafiə etməkdə ittiham edilir. Guya bu klub UEFA qaydalarını pozduğuna görə cəzadan onun köməyi ilə yayınıb.

FIFA-nın məlumatında bildirilir ki, dörd həftə əvvəl bir qrup jurnalist üçüncü tərəfin köməyi ilə qeyri-qanuni yolla əldə edilmiş məlumatlarla bağlı quruma bir neçə yüz sual göndərib. Qeyd edilir ki, mətbuatda FIFA-nın bütün cavabları nəzərə alınmayıb, çünki onlar qarşıya yeni rəhbərliyə qarşı etimadsızlıq yaratmaq məqsədi qoyublar.

Qeyd edilir ki, FIFA-nın yeni rəhbərliyi 2015-ci ildən etibarən qurumda bir sıra müsbət dəyişikliklər edib. FIFA-nın bir çox keçmiş çinovniklərinə qarşı İsveçrədə araşdırmalar aparılır. “Təəccüblü deyil ki, vəzifədən azad edilənlərdən bəziləri bu qərardan narazıdırlar və yeni rəhbərliklə bağlı yalan informasiyalar yaymaqda davam edirlər. Biz bilirik ki, bəziləri şəxsi mənafelərinə görə FIFA-nı dağıtmaq istəyirlər”, - deyə məlumatda bildirilir.

İnfantino deyib: “FIFA-da islahatlar həyata keçirməkdə qətiyyətli olduğumuz üçün güclü müqavimətlə üzləşəcəyimizi bilirdim. Qurumun rəhbəri kimi bütün gücümü və fəaliyyətimi futbolun inkişafına yönəltmişəm”.

FIFA-nın məlumatında o da qeyd edilir ki, qurumu maliyyə pozuntularında və qanunsuzluqda günahlandıran kütləvi informasiya vasitələrindən heç biri qanun, qətnamə və ya nizamnamə pozuntuları barədə konkret bir şey deməyiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.