İDMAN
FİFA TÜRKİYƏ YIĞMASINI CƏZALANDIRDI
Bu cəza keçən ilin noyabrında İstanbulda Türkiyə və İsveçrə komandaları arasında 2006-cı il dünya çempionatının seçmə görüşündən sonra oyunçuların əlbəyaxa olmasına görə verilmişdir. İsveçrəli Benyamin Huggel və meydan sahiblərindən Alpay Özalan və Əmrə Belozoğlu savaşmış və buna görə altı görüşdə oynamaq hüququndan məhrum edilmişlər.
Bundan əlavə, Türkiyə komandasına 200 min İsveçrə frankı (təxminən 154 min dollar) məbləğində cərimə kəsilmişdir.
Görüşdən sonra stadionun tunelində oyunçular arasında savaşda isveçrəlilərin müdafiəçisi Stefan Qriştinq ağır zədə alaraq, xəstəxanaya aparılmışdır. Savaşda Türkiyə komandası məşqçisinin köməkçisi Mehmet Özdilək də iştirak etmişdir. Buna görə FİFA onu futbolla bağlı hər hansı fəaliyyətdən bir il müddətinə uzaqlaşdırmışdır.
Türkiyənin idman işləri naziri Mehmet Əli Şahin FİFA-nın qərarını “siyasi qərar” adlandırmışdır. O demişdir: “Mən bunları yolverilməz tədbirlər hesab edirəm. Bu, idmana heç bir dəxli olmayan siyasi qərardır”.
Türkiyə Futbol Assosiasiyasının və oynamaq hüququndan məhrum edilmiş futbolçuların FİFA qərarından apellyasiya vermək hüququ var.
Xatırladaq ki, bu yay Almaniyada keçiriləcək dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda birinci görüşdə türklər Berndə 0:2 hesabı ilə uduzmuş, İstanbulda 4:2 hesabı ilə qalib gəlmişdilər. Lakin isveçrəlilər səfərdə iki top vurduqlarına görə, Almaniyaya getmək hüququnu onlar qazanmışlar.