İDMAN
FIFA uruqvaylı futbolçulara qarşı intizam işi açıb
Bakı, 6 dekabr, AZƏRTAC
FIFA Uruqvay millisinin 4 futbolçusuna qarşı ittiham irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bunlar Xose Ximenez, Fernando Muslera, Edinson Kavani və Dieqo Qodindir. Onlar analayiq davranışda ittiham olunurlar. FIFA artıq sözügedən şəxslərə qarşı intizam işi açıb.
Uruqvay millisi dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Qana ilə görüşdə (2:0) qələbə qazansa da, səkkizdəbir finala vəsiqə əldə edə bilməyib. Bundan sonra Uruqvay yığmasının futbolçuları qalmaqal yaradıblar. Müdafiəçisi Xose Ximenez hakimləri söyüb. Uruqvaylı futbolçular Qananın qapısına iki penalti təyin etməyən, Daniel Sibertin başçılıq etdiyi hakimlər briqadasının yanına gediblər.
Ximenez Siebertlə mübahisə etmək istəyərkən səhvən FIFA direktorlarından birinə dirsəklə vurub. Bunun üçün onun ən azı 15 oyunluq cəzalandırıla biləcəyi qeyd olunub.
FIFA Xose Ximenez, VAR monitorunu aşıran Edinson Kavani, Fernando Muslera və Dieqo Qodini təhqiredici davranışda və ədalətli oyun prinsiplərini pozmaqda ittiham edib.
Bundan əlavə, Uruqvay Futbol Assosiasiyası (AUF) ayrı-seçkilikdə ittiham olunur.