FİNLANDİYA XARİCİ İŞLƏR NAZİRİNİN BAKIYA SƏFƏRİ
MİLLİ MƏCLİSDƏ QƏBUL
AzerTAg.az
Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyya Bakıya işgüzar səfərə gəlmişdir.
Oktyabrın 4-də Milli Məclisin sədri Murtuz Ələsgərov Finlandiya nazirini və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov ölkələrimiz arasında mehribanəlaqələrin olduğunu, Azərbaycanın Milli Məclisində Finlandiya parlamenti ilə dostluq qrupu fəaliyyət göstərdiyini xatırlatmış və Finlandiya parlamentində də belə bir qrup yaradılmasının məqsədəuyğunluğunu söyləmişdir.
Parlamentin rəhbəri ölkəmizdə həyata keçirilən hüquq, iqtisadi, siyasi və digər sahələrdə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verərək demişdir ki, Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsidir, amma bəzi problemlər, xüsusilə uzun illər həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəqqiyə ciddi maneə törədir. Münaqişənin tarixi, səbəbləri və ağır nəticələri barədə söhbət açan Murtuz Ələsgərov problemin həlli ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyindən, bəzi dövlətlərin və beynəlxalq qurumların bu məsələyə ikili standartla yanaşmasından danışmışdır.
Səmimi qəbul üçün minnətdarlıq edən Erkki Tuomioyya bildirmişdir ki, onun ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bunun üçün də müəyyən addımların atılmasını vacib sayır. Səfərdən məqsəd də bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.
Nazir demişdir ki, Finlandiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə öz həllini tapmasını istəyir. Münaqişə təkcə tərəflərin razılığı ilə deyil, həm də beynəlxalq qurumların iştirakı ilə həll olunmalıdır və Finlandiya bu işdə kömək göstərməyə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var