MƏDƏNİYYƏT
FORTEPİANO MUSİQİSİ DİSKİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan piano musiqisindən seçmələr” adlı diskin təqdimat mərasimi olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azercell-in sponsorluğu ilə hazırlanmış bu musiqi diski layihəsinin təşəbbüskarı Bakı Musiqi Akademiyası (BMA) fortepiano kafedrasının dosenti, Moskva Dövlət Filarmoniyasının solisti, Beynəlxalq müsabiqələr laureatı Murad Adıgözəlzadədir.
Mərasimdə Azercell şirkətinin direktoru Sərdar Canoğulları, BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək diskin Azərbaycan bəstəkarları, fortepiano yaradıcılığı üçün layiqli töhfə olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini göstərmişlər.
Pianoçu Murad Adıgözəlzadə Azərbaycan bəstəkarlarının diskə yazılmış bir neçə əsərini tamaşaçılara təqdim etmiş, musiqimizə göstərdiyi diqqətə, köməyə və təşəbbüsə görə şirkətə minnətdarlığını bildirmişdir.