MƏDƏNİYYƏT
FOTO MÜSABİQƏYƏ YEKUN VURULMUŞDUR
Aprelin 4-də “Sənət” Bakı incəsənət mərkəzində Fransanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə respublikamızda Frankofoni günlərinə həsr edilmiş gənc fotoqrafların müsabiqə-sərgisi keçirilmişdir.
İncəsənət mərkəzindən AZƏRTAC-ın müxbirinə demişlər ki, müsabiqə-sərgidə Fransanın ölkəmizdəki səfiri Şantal Puare, respublika Fotoqraflar Birliyinin sədri Rafiq Qəmbərov və başqaları çıxış edərək, 18 yaşdan 25 yaşadək Azərbaycan vətəndaşları, peşəkar və həvəskar fotoqraflar arasında keçirilmiş müsabiqənin məqsədindən danışmışlar.
Qeyd olunmuşdur ki, “Bazar günü”, “Göy rəng”, “Alaq otlar”, “Minlərcə”, “Hərəkət”, “Kənddə”, “Bir an”, “Qaçış” və “Uçuş” nominasiyaları üzrə fotomüsabiqədə 39 müəllif 140 foto əsəri ilə iştirak etmiş, 53 fotoşəkil sərgi üçün bəyənilmişdir.
Sonra münsiflər heyətinin qərarı elan edilmişdir.
Gənc fotoqraf Təhminə Əhmədova “Uçuş” nominasiyasında “Qran pri” mükafatına layiq görülmüşdür. O, eyni zamanda müsabiqənin qalibi kimi iyun ayında 10 gün müddətinə Fransanın Arle şəhərində keçiriləcək ənənəvi Beynəlxalq fotofestivalda iştirak etmək hüququ da qazanmışdır.
Digər nominasiyaların qalibləri elan olunmuş Səbinə Veysova (“Bazar günü”), Zinaida Rasko (“Göy rəng”), Rövşən Həbibov (“Alaq otlar”), Boris Nəcəfov (“Minlərcə”), Rüstəm Əliyev (“Hərəkət”), Anton Osver (“Kənddə”), Turan Əsgərova (“Bir an”) və Mənzər Hacıyeva (“Qaçış”) müsabiqənin diplomları və sertifikatları ilə mükafatlandırılmışlar.