FRANSADA ELMİ İŞÇİLƏR KÜTLƏVİ NÜMAYİŞ KEÇİRMİŞLƏR
Son vaxtlar Fransanın elmi tədqiqat institut və müəssisələrində çalışanlar həyat şəraitinin getdikcə ağırlaşması ilə əlaqədar əmək haqlarının artırılması barədə hökumət qarşısında müəyyən tələblər irəli sürürlər. Hələlik hökumət tərəfindən bu istiqamətdə addım atılmadığından, elmi işçilər martın əvvəllərində etiraz nümayişinə çıxmış, martın 12-də Fransanın hər tərəfində geniş etiraz aksiyalarının keçiriləcəyi barədə xəbərdarlıq etmişdilər.
Martın 12-də elmi işçilərin növbəti etiraz nümayişi olmuşdur. Bu dəfə onlara ali və orta məktəblərin müəllimləri, tələbələr də qoşulmuşdular. Həmin gün ölkənin müxtəlif şəhərlərində 68 min adam nümayişə çıxmışdı. Təşkilatçılar martın 19-da daha geniş etiraz aksiyası keçiriləcəyi barədə hökuməti xəbərdar etmişdir.
Xatırladaq ki, hökumətin hələlik bir qərara gəlməməsinə etiraz əlaməti olaraq, 976 laboratoriya direktoru və 1110 qrup rəhbəri tutduğu vəzifədən imtina etmişdir.