DÜNYA
FRANSADA MƏKTƏBƏ BAŞIYAYLIQLI GƏLMƏYİN QADAĞAN OLUNMASINA QARŞI NÜMAYİŞLƏR
Bazar günü üç minədək adam, əsasən, qadınlar, paytaxtın Respublika meydanından Bastiliya meydanınadək yürüş keçirmişlər. Əllərində Fransanın üçrəngli milli bayraqlarını tutmuş nümayiş iştirakçıları baş örtüyünün “vicdan azadlığının rəmzi” kimi tanınmasını tələb edirdilər.
Strasburq və Avinyonda daha qətiyyətli nümayişlər keçirilmişdir. Minlərlə adam, əsasən, uzun yaylıqlara bürünmüş qadınlar Fransa hökumətini “İslamı təqib etməkdə” günahlandırırdılar.
Ötən cümə axşamı prezident Jak Şirak bəyan etmişdi ki, Fransanın dövlət məktəblərində “nümayişkaranə” dini atributların geyilməsi qanunla qadağan olunacaq və bu, Fransa cəmiyyətinin dünyəviliyini qorumaq üçün ediləcəkdir. Təhsil naziri Lük Ferri bildirmişdir ki, hökumət məktəblərdə “nəzərəçarpan” dini rəmzlərin geyilməsi ilə bağlı yeni qanunu yaxın vaxtlarda parlamentə göndərəcəkdir. Qanunun gələn dərs ilində qüvvəyə minəcəyi gözlənilir.
Fransanın beş milyon nəfərdən artıq müsəlman icmasının bir sıra rəhbərləri ölkənin ali rəhbərliyini İslamı “başa düşməməkdə” və ondan “qorxmaqda” qınamışlar. Onlar bildirirlər ki, bu qanunun qəbul edilməsinə qarşı mübarizəni davam etdirmək niyyətindədirlər. Fransa Müsəlmanları Partiyasının başçısı Məhəmməd İnasər Latreş öz tərəfdarlarını yanvarın 17-də Parisdə kütləvi nümayiş keçirməyə çağırmışdır.