SİYASƏT
FRANSADA NOVRUZ ŞƏNLİKLƏRİ
Parisdəki Azərbaycan icması martın 22-də Novruz bayramı ilə əlaqədar təntənəli gecə keçirmişdir. Salonda əsl bayram süfrəsi açılmışdı. Stolların üstünə düzülmüş yaşıl səmənilər, məcməyilərdəki şirniyyatlar, yandırılmış şamlar ölkəmizdən çox-çox uzaqlarda yerləşən Parisə əsl Novruz nəfəsi gətirmişdi.
İcmanın nümayəndəsi Qulam Abyar mərasimi açaraq, Parisdə yaşayan soydaşlarımızı, müxtəlif təhsil ocaqlarında oxuyan tələbələri və fransız qonaqları baharın, yeni ilin gəlişindən xəbər verən Novruz bayramı münasibətilə salamlamış, bu əziz bayramın xalqımızın tarixində öz yeri olduğunu qeyd etmiş, onun mənəvi dəyərlərindən danışmışdır. Gecədə müğənnilərimizin ifasında bolluq və firavanlıq rəmzi Novruza dair mahnılar səslənmiş, milli musiqimizin sədaları altında rəqslər ifa olunmuş, viktorina keçirilmişdir.
Bayram şənliyində Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları da iştirak etmişlər.
X X X
Həmin gün Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Strasburq şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirmişlər. Bayram mərasimində Strasburqda və onun ətrafında yaşayan soydaşlarımız, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr, Avropa Şurası yanında bir sıra diplomatik missiyaların təmsilçiləri və Fransanın yerli qurumlarının nümayəndələri iştirak etmişlər.
Milli musiqimizin sədaları altında keçən bayram mərasiminə dəvət edilmiş 150 nəfərədək qonağa Azərbaycan mətbəxinin ləziz xörəkləri, ölkəmizdən gətirilmiş şirniyyat təklif olunmuşdur.
Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin təşəbbüsü ilə tədbir iştirakçıları ölkəmizdəki uşaq evlərindən birinə yardım etmək üçün pul toplamışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris