DÜNYA
FRANSADA PREZİDENT SEÇKİLƏRİNİN İLK TURU ARXADA QALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 22-də Fransada keçirilmiş prezident seçkilərinin ilk turunda namizədlərin heç biri qələbə qazanmamışdır.
Bu seçkilərdə ölkə tarixində ilk dəfə olaraq, rekord sayda - 44,5 milyon seçici siyahıya alınmışdır. Bu, 2002-ci ildə keçirilmiş seçkilərdəkindən 3,3 milyon nəfər çoxdur. 67 min seçki məntəqəsi öz qapılarını seçicilərin üzünə açmışdır.
Fransanın dənizaşırı 10 departamentində vaxt fərqinə görə, seçkilər bir gün əvvəl keçirilmişdir. Bunların əksəriyyətində səsvermənin nəticələri Nikola Sarkozinin xeyrinə olmuşdur.
Ölkədə isə prezident seçkiləri bazar günü yerli vaxtla səhər saat 8-də başlamış və axşam 8-də yekunlaşmışdır. Bəzi seçki məntəqələrinin texniki səbəb üzündən bir saat gec açılmasını nəzərə almasaq, heç bir qanun pozuntusuna yol verilməmişdir. Yerli və xarici televiziya kanalları ayrı-ayrı seçki məntəqələrində səsvermənin gedişini, namizədlərin öz dairələrində səsvermə prosesini işıqlandırsalar da, seçkilər başa çatmamış ilkin nəticələr barədə onlara heç bir məlumat verilməmişdir. Yalnız seçkilər başa çatdıqdan sonra onun nəticələri elan olunmuşdur. İlk turda Nikola Sarkozi səslərin 31,11 faizini, Seqolen Royal 25,84 faizini, Fransua Bayru 18,55 faizini və Jan-Mari Le Pen 10,51 faizini qazanmışlar.
Paytaxtda seçicilərin 80 faizi seçkidə iştirak etmiş və onların 35 faizi Nikola Sarkoziyə, 32 faizi Seqolen Royala və 20 faizi Fransua Bayruya səs vermişdir. Korsikada Nikola Sarkozi səslərin 37 faizini, S.Royal 31,1 faizini toplamışdır.
Prezident seçkilərində iştirak etmiş və çox az səs toplamış namizədlər öz seçicilərini ikinci turda Seqolen Royala səs verməyə çağırmışlar.
Seçkilərdən bir qədər əvvəl bəzi siyasi müşahidəçilərin dediyi kimi, hər hansı gözlənilməz hadisə baş vermədi və proqnoz özünü doğrultdu: may ayının 6-da keçiriləcək ikinci turda Nikola Sarkozi və Seqolen Royal prezident kürsüsü uğrunda mübarizəni davam etdirəcəklər.