DÜNYA
FRANSANIN CƏNUB-QƏRB BÖLGƏLƏRİNDƏ İFLİC VƏZİYYƏT
Güclü qar magistral yollarda hərəkət edən ağır tonnajlı yük maşınlarının hərəkətini dayandırmışdır. Ölkənin Pireney-Atlantik, Le Land, Jirond, Sharant-Maritine, le DO-Sevr və digər əyalətlərində yük maşınlarının İspaniya istiqamətində hərəkətləri qadağan edilmişdir. Yollardakı qar uçqunu təhlükəsi üzündən Fransa-İspaniya sərhəddindəki Biriatu keçid məntəqəsində 2000-dən artıq yük maşını yığılmışdır.
Fransa hava məlumatı idarəsinin əvvəlcədən etdiyi xəbərdarlığa məhəl qoymayan bəzi minik və yük avtomobillərinin sürücüləri buz bağlamış yollarda qəza hadisələri törətmişlər. 5000-dən artıq yük maşını isə cənub-qərb bölgələrindəki yollarda qalmışlar. Yollardakı bu ağır vəziyyətin digər səbəbi isə ikigünlük istirahətini dağlarda xizək sürməklə keçirib evlərinə qayıdanların tixac yaratmasıdır.
Yol polisi və yanğınsöndürənlərdən ibarət xüsusi dəstə yollarda gecələməyə məcbur olan bəzi sürücülərə xüsusi qızdırıcılar, isti adyallar və isti xörəklər paylamış, digərlərini isə yaxınlıqdakı gecələmə mərkəzlərinə aparmışlar.
Hələlik insan tələfatı barədə məlumat verilmir.