İDMAN
FRANSANIN MƏŞHUR FUTBOLÇUSU NİKOLYA ANELKA İSLAMI QƏBUL ETMİŞDİR
Anelka bütün ötən həftəni Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində olmuşdur. Bundan əvvəl isə futbolçu Məkkəni ziyarət etmişdir.
Anelka “Mançester Siti” klubu ilə altı il müddətinə imzaladığı müqaviləni ləğv etmək və Birləşmiş Ərəb Əmirliklərinə köçərək, yerli klublardan birində oynamaq niyyətindərdir. Anelka “Frans Futbol” jurnalına müsahibəsində demişdir: “Mən Əmirliklərdə qalmağa və bu ölkənin komandalarından birində çıxış etməyə hazıram. İngiltərəyə, yaxud Fransaya qayıtmağa o qədər də can atmıram”.
25 yaşlı Nikolya Anelka İslamı BƏƏ-dəki Əl-Vəssi məscidində qəbul etmişdir. Fransalı futbolçu demişdir: “İslam məni çox maraqlandırır. İslam hələ beş il bundan əvvəl məni özünə cəlb etmişdi və indiyədək bu dini qəbul etmək barədə düşünürdüm”.
Mütəxəssislərin çoxu bu istedadlı hücumçunun Portuqaliyada keçiriləcək Avropa çempionatında iştirak edəcəyini düşünürdü, lakin Fransa yığmasının məşqçisi Jak Santini Anelkanı 23 futbolçunun siyahısına salmamışdır.