FRANSANIN MİLLİ BAYRAMI QEYD EDİLMİŞDİR
AzerTAg.az
İyulun 14-də Bakıdakı “Hyatt Park” kompleksində Fransanın milli bayramı – Bastiliyanın alınması günü münasibətilə həmin ölkənin Azərbaycandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilmişdir. Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri xanım Şantal Puare 14 iyulun Fransa üçün bayram günü olmaqla yanaşı, Azərbaycan xalqı üçün Prezident Heydər Əliyevin 34 il əvvəl siyasi hakimiyyətə gəldiyi tarix kimi əlamətdar gün olduğunu qeyd etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin gerçəkləşməkdə olduğunu xatırladan səfir həmin layihələrin Azərbaycanın müstəqillik rəmzləri qədər əhəmiyyətli olduğunu vurğulamışdır. Dağlıq Qarabağ münaqişəsinə də toxunan Şantal Puare ümidvar olduğunu bildirmişdir ki, 2004-cü il bu problemə və köçkünlərin əzablı vəziyyətinə son qoyacaqdır. Mərasimdə çıxış edən Milli Məclisin sədri Murtuz Ələsgərov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin əlamətdar gün münasibətilə təbrikini, Fransa xalqına sülh və əmin-amanlıq arzularını çatdırmışdır. Murtuz Ələsgərov qeyd etmişdir ki, Azərbaycan Prezidentinin səmimi təbrikləri onun Fransa prezidenti Jak Şiraka göndərdiyi məktubunda da ifadə edilmişdir. Prezident Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra ilk xarici səfərə Fransaya getdiyini xatırladan Murtuz Ələsgərov iki ölkə arasında siyasi, iqtisadi münasibətlər, mədəniyyət, elm, təhsil və digər sahələrdəki əməkdaşlığın inkişafında ölkəmizin başçısının misilsiz xidmətləri olduğunu diqqətə çatdırmışdır. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, ictimaiyyətin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var