FRANSA AZƏRBAYCANI VƏ ONUN PREZİDENTİNİ DƏSTƏKLƏYİR
AzerTAg.az
Fransanın xarici işlər naziri Dominik de Vilpen bu fikri Senatın iclasında Azərbaycanda prezident seçkiləri ilə bağlı verilmiş suala cavabında vuğulamışdır.
Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AZƏRTAC-a bildirmişdir ki, cənab de Vilpen öz cavabında demişdir:
- Biz Azərbaycanda prezident seçkiləri keçirilməsini diqqətlə izləmişik. Sizin (Senatın) və Avropa Şurasının sayəsində ölkəmiz bu seçkilərin müşahidəsinə cəlb olunmuşdu. Fransa Prezidenti bu ilin yazında Parisdə qəbul etdiyi indiki Prezident İlham Əliyevi birinci təbrik edənlər sırasında olmuş və onu mümkün olan bir vaxtda Fransaya rəsmi səfərə dəvət etmişdir.
Fransa Azərbaycanın iqtisadi inkişaf uğrunda göstərdiyi səyləri dəstəkləmək məqsədi ilə onun tərəfindədir və biz bu ölkə ilə artıq mövcud olan fəal ikitərəfli əməkdaşlığımızı daha da möhkəmləndirmək qərarına gəlmişik.
Neft sektorunda və onunla bağlı sektorlarda məşğul olan şirkətlərimiz karbohidrogenlərin hasilatı və nəqlində iştirak edirlər. Biz bu ölkədə kadrlar, xüsusən də inzibati sahədə çalışan kadrlar üçün proqramlar həyata keçiririk və mən bu baxımdan Senatın həmin əməkdaşlığa verdiyi töhfəni alqışlayıram.
Fransa Azərbaycanın yeni Prezidenti qarşısında ortaya çıxan bir çox çətinlikləri aradan götürmək məqsədi ilə onu dəstəkləmək qərarına gəlmişdir və əlbəttə ki, bu dəstək demokratik islahatları, xüsusən də müxalifətlə zəruri sayılan dialoqu və regionun inkişafını şərtləndirən sülhü təmin etmək üçün veriləcəkdir. Birləşmiş Ştatlar və Rusiya ilə birgə Minsk qrupuna həmsədrlik edən Fransa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım göstərəcəyini bir daha təsdiqləyir.
Xəbərin mətnində orfoqrafik səhv var