İQTİSADİYYAT
FRANSA İLƏ AZƏRBAYCAN ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəğötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) həm Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərlə, həm də xarici ölkələrdəki Azərbaycan səfirlikləri ilə sıx əməkdaşlıq edir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Fransadakı səfirliyi ASK-ya bu ölkənin kənd təsərrüfatı, ərzaq, balıqçılıq və kənd işləri Nazirliyinin məktubunu göndərmişdir.
Fransa tərəfi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri çərçivəsində “MEDEF”-də keçirdiyi görüşü müsbət qiymətləndirmiş və bu görüşün hər iki ölkə sahibkarları arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini bildirmişdir. Məktubda kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində imkanlardan lazımi səviyyədə istifadə olunmadığı vurğulanmışdır.