FRANSA MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ GÖRÜŞ

AZƏRTAC xəbər verir ki, Fransanın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzində politoloq və publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycanlılar Avropa Müqavimət hərəkatında” kitabının müəllifi Ruqiyyə Əliyeva ilə görüş keçirilmişdir.

Soydaşlarımız Avropada antifaşist müqaviməti hərəkatına böyük töhfələr vermişlər. Kitabda – trilogiyanın birinci hissəsində - onların qəhrəmanlığından söhbət açılır. Avropa Müqavimət hərəkatında iştirak etmiş azərbaycanlılar haqqında kitab üzərində iş zamanı bir çox maraqlı və indiyədək məlum olmayan faktlar üzə çıxmışdır. Görüşdə həmin faktların bəziləri, o cümlədən Fransa Müqavimət hərəkatının iştirakçıları barədə söhbət açılmışdır.

Müəllifin sözlərinə görə, hazırda kitabın 2-ci hissəsi çap olunur. Əsas odur ki, qəhrəmanlar təkcə yubileylər və bayramlar ərəfəsində xatırlanmasınlar.

R.Əliyeva xüsusi arxivlərdə sənədlərlə işləməsindən, nadir faktları, Müqavimət hərəkatı iştirakçılarının xatirələrini toplamasından danışmışdır. Kitabda təkcə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə, İtaliya ali mükafatlarının sahibi Məmməd Bağırov, Fəxri legion ordeni və bir sıra Fransa ordenlərinin kavaleri Əhmədiyə Cəbrayılov haqqında deyil, həm də işğal olunmuş Avropa ərazilərində döyüşmüş, soydaşlarımıza az tanış olan qəhrəmanlardan da söz açılır.

Fransa səfirliyinin köməyi ilə kitab fransız dilinə tərcümə olunmuşdur.

R.Əliyevanın kitabın “Fransada Müqavimət hərəkatı” adlanan 2-ci fəsli əsasında yazdığı ssenari üzrə rejissor Ələkbər Muradov “Lider” telekanalında 30 dəqiqəlik “Parol: Az-Rodez” adlı sənədli film çəkmişdir. Film görüşdə nümayiş etdirilmişdir.

Görüşdə “Az-Rodez” gizli antifaşist təşkilatının yaradıcılarından biri olmuş Hüseynrza Məmmədovun oğlu və nəvəsi Yusif və Hüseynrza Məmmədovlar da iştirak etmişlər.

Fransa Mədəniyyət Mərkəzinin məsul əməkdaşı Valeri Mer-Meyer kitabın müəllifinə təşəkkürünü bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.