DÜNYA
FRANSA PREZİDENTİ YAXIN ŞƏRQDƏKİ HƏRBİ ZORAKILIĞI PİSLƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransa Prezidenti Jak Şirak 14 iyul – Bastiliyanın alınması günü münasibətilə çıxışında son vaxtlar Yaxın Şərqdə yaranmış vəziyyətə toxunmuş, bölgədəki hərbi zorakılıqdan narahat olduğunu bildirmiş və insan tələfatına səbəb olan müdaxiləni pisləmişdir. Ölkə başçısı Hizbullah yaraqlılarının iki israil əsgərini əsir götürməsinə cavab olaraq İsrailin Qəzzə bölgəsinə və Livana hərbi müdaxiləsinin heç bir beynəlxalq hüquq normalarına sığmadığını bəyan etmişdir.
Jak Şirak Həmas, Hizbullah və İsrail rəhbərlərini yaranmış vəziyyəti sülh yolu ilə həll etmək üçün danışıqlar stolunun arxasınada əyləşməyə çağırmışdır.
BMT-nin baş katibi Kofi Annanı bölgəyə təcili missiya göndərməyə çağıran Fransa Prezidenti təhlükəsizliyi təmin etmək məqsədi ilə Livanın İsraillə sərhədində beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Jak Şirak bildirmişdir ki, Yaxın Şərqdə sözün əsil mənasında çox qorxulu vəziyyət yaranmışdır. Ölkə başçısı yaranmış vəziyyəti ABŞ ordusunun 2003-cü ildə İraqa müdaxiləsi ilə müqayisə edərək, diqqətli olmağa çağırmışdır.