FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİCƏNAB JAK ŞİRAKA
AzerTAg.az
Hörmətli cənab Prezident,
Əziz dost,
Prezident seçiləndən sonra məni Fransaya rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə bir daha dərin minnətdarlığımı bildirir, səfər zamanı Azərbaycan nümayəndə heyətinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə ürəkdən təşəkkür edirəm.
Ümidvaram ki, gözəl ölkənizə ilk rəsmi səfərim, səfər zamanı Sizinlə apardığım geniş və dərin məzmunlu söhbət, keçirdiyim görüşlər, müxtəlif təmaslar Azərbaycan–Fransa əlaqələrinin yeni mərhələsinin inkişafına təkan verəcəkdir. Azərbaycan-Fransa dostluğunun və əməkdaşlığının bütün sahələrdə inkişafı üçün böyük perspektivlər var və biz bu perspektivləri ölkələrimizin rifahı naminə reallaşdırmağa hazırıq.
Prezident Heydər Əliyevi Fransa Respublikası adından Fransanın Ali mükafatı – Fəxri Legionun Böyük Xaç Komandoru ordeni ilə təltif etməyinizi, bir tərəfdən, Fransa-Azərbaycan əlaqələrinin inkişafında onun xidmətlərinə verdiyiniz yüksək qiymətin, digər tərəfdən isə, Prezident Heydər Əliyevə bəslədiyiniz şəxsi dostluq hisslərinin təsdiqi hesab edirəm.
İnanıram ki, ölkələrimiz arasında əsası Prezident Heydər Əliyev və Sizin tərəfinizdən qoyulmuş və inkişaf etdirilmiş möhkəm dostluq və sıx əməkdaşlıq əlaqələri birgə səylərimiz sayəsində daha da genişlənəcək, möhkəmlənəcək, xalqlarımızın və ölkələrimizin tərəqqisinə xidmət edəcəkdir.
Şübhə etmirəm ki, Azərbaycanın, eləcə də regionun ən ağrılı problemlərindən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli yolunda səylərinizi bundan sonra da əsirgəməyəcəksiniz.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm. Əminəm ki, Sizin Azərbaycana səfəriniz ölkələrimiz arasındakı əlaqələrin tarixində yeni bir səhifə açacaqdır.
Sizə möhkəm cansağlığı, uğurlar, dost Fransa xalqına isə daim tərəqqi arzulayıram.
Ən səmimi dostluq hissləri ilə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar 2004-cü il.
Xəbərin mətnində orfoqrafik səhv var