Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA

Hörmətli cənab Prezident,

Əziz dost,

Ölkələrimiz arasında diplomatik münasibətlərin yaranması ilə bağlı mənə göndərdiyiniz təbrik məktubunu almaqdan çox məmnun oldum.

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulması ikitərəfli əlaqələrimizin tarixində ən mühüm hadisələrdən biridir. Bu münasibətlərin 10 illiyi ilə əlaqədar Sizi və bütün Fransa xalqını ürəkdən təbrik edirəm.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasını tanıyan ilk dövlətlərdən biri Fransa olmuşdur. Mən çox şadam ki, ötən on il ərzində ölkələrimiz arasında əlaqələr hərtərəfli inkişaf edərək dostluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün bundan sonra da əlimdən gələni etməyə hazıram.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən Sizin göstərdiyiniz ardıcıl səyləri yüksək qiymətləndirirəm.

Əminəm ki, Azərbaycan ilə Fransa arasındakı münasibətlər ölkələrimizin və xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Cənab Prezident, səhhətimlə bağlı qayğınıza və xoş arzularınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Səmimi dostluq hissləri ilə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin