İQTİSADİYYAT


FRANSA ŞİRKƏTLƏRİ NÜMAYƏNDƏLƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATMIŞDIR

Xəbər verdiyimiz kimi, Fransanın əsasən enerji, nəqliyyat, turizm, inşaat və bank sektorlarında fəaliyyət göstərən şirkətlərinin nümayəndələri aprelin 17-18-də Bakıda səfərdə olmuşlar. Səfərdən əsas məqsəd ölkəmizdə aparılan iqtisadi islahatların gedişi ilə yaxından tanış olmaq, sərmayə mühitini öyrənmək, yerli sahibkarlarla görüşmək və Azərbaycan tərəfinin təklif edəcəyi layihələri nəzərdən keçirmək idi. 

Fransa nümayəndə heyətinin üzvləri Azərbaycanın baş naziri A.Rasizadə tərəfindən qəbul edilmiş, iqtisadi inkişaf və maliyyə nazirliklərində, Milli Bankda, ARDNŞ-də, Dövlət Neft Fondunda, Beynəlxalq Bankda və Bakı Şəhər İcra Hakimiyyətində işgüzar görüşlər keçirmişlər.

İqtisadi İnkişaf Nazirliyinin hər iki ölkənin şirkətləri üçün keçirdiyi təqdimatlarda əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuş, energetika, inşaat və digər sahələr üzrə təqdim edilmiş təkliflər maraq doğurmuşdur.

Nümayəndə heyətinin üzvləri Azərbaycandakı mövcud sərmayə mühitindən razı qaldıqlarını, qarşılıqlı əməkdaşlıq üçün real imkanların olduğunu bildirmişlər. Ölkəmizin iqtisadiyyatının energetika, nəqliyyat, turizm, inşaat, bank sektoru və digər sahələrinə ciddi maraq göstərən qonaqlar əməkdaşlığın daha da inkişaf etdirilməsində belə görüşlərin böyük rol oynadığını vurğulamışlar.

Xatırladaq ki, ölkələrimiz arasında əlaqələrin dinamik inkişafı Azərbaycan Prezidenti Heydər Əliyevin 1993-cü ildə Fransaya rəsmi səfərindən sonra başlanmışdır. O vaxtdan bəri ticarət-iqtisadi əlaqələrin hüquqi çərçivəsini müəyyənləşdirən 13 sənəd imzalanmış və bunlar Fransa işgüzar dairələrinin Azərbaycan iqtisadiyyatına daha fəal şəkildə sərmayə qoymasına zəmin yaratmışdır. Mövcud iqtisadi əlaqələrin tənzimlənməsi, əməkdaşlığın üstün istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə 1997-ci ilin dekabrında hökumətlərarası komissiya təşkil edilmişdir. İndiyədək komissiyanın Bakıda və Parisdə iclasları keçirilmiş, ticarət-iqtisadi münasibətlərin daha da dərinləşdirilməsini nəzərdə tutan protokollar imzalanmışdır.

2001-ci ildə Azərbaycanın Fransa ilə xarici ticarət dövriyyəsi 92,6 milyon dollar olmuşdur və bu ölkə respublikamızın xarici iqtisadi əlaqələrində 10-cu yeri tutur. Hazırda Fransa sərmayəçilərinin iştirakı ilə Azərbaycanda tikinti, aqrar sənaye, ticarət və xidmət, nəqliyyat, kommunikasiya, avadanlıq idxalı, pivə istehsalı və s. sahələrdə 27 müəssisə fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanın neft sektoruna 60 milyon dollar həcmində sərmayə qoymuşlar.

Bu faktlar və iqtisadi əlaqələrin indiki vəziyyətinin təhlili ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.