FRANSA SPİD-LƏ MÜBARİZƏYƏ HƏR İL 150 MİLYON AVRO AYIRIR
AzerTAg.az
Dünyada geniş yayılmaqda olan SPİD, vərəm və malyariya xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar Parisdə keçirilmiş yığıncağa yekun vurulmuşdur.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yığıncaqda bəşəriyyəti ciddi təhlükə qarşısında qoymuş bu xəstəliklərlə mübarizə məqsədilə BMT-nin baş katibi Kofi Annanın şəxsi təşəbbüsü ilə 2002-ci il yanvarın 1-də yaradılmış xüsusi fondun fəaliyyətindən, bu xəstəliklərin hər gün 12 min insanın həyatına son qoymasından, axır vaxtlar 97 ölkədə 150 profilaktika tədbirinin həyata keçirilməsindən, SPİD xəstəliyinin daha təhlükəli xarakter almasından və onun Asiya və Avropanın bir çox ölkələrində çox sürətlə, geniş yayılmasından söhbət açılmış, bu istiqamətdə görülən işlərdən danışılmışdır.
Fransa Respublikasının prezidenti Jak Şirak toplantıda çıxış edərək insanların sağlamlığını ciddi təhlükə altında qoyan SPİD-ə qarşı mübarizənin vacibliyini vurğulamış, epidemiyanın qarşısını almaqda müasir tibbi avadanlıq yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, gəncliyi və gələcək nəsli bu təhlükədən qorumaq üçün dünya ölkələrini həmin xəstəliklə mübarizədə həmrəy olmağa çağırmışdır.
Yığıncaqda bildirilmişdir ki, SPİD-ə qarşı mübarizə məqsədilə Fransa hər il 150 milyon avro ayırmağı qərara almışdır.
Xəbərin mətnində orfoqrafik səhv var