SİYASƏT
FRANSA VƏ RUSİYA PREZİDENTLƏRİ DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ ƏRAZİ BÜTÖVLÜYÜ VƏ SƏRHƏDLƏRİN TOXUNULMAZLIĞI PRİNSİPLƏRİNƏ ƏMƏL OLUNMASINI DƏSTƏKLƏYİRLƏR
Avropa ölkələrinə səfərə çıxmış Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Jak Şirak arasında Yelisey sarayındakı danışıqlardan sonra dövlət başçıları mətbuat konfransı keçirmişlər. Jurnalistlər qarşısında çıxış edən prezidentlər İraqla bağlı məsələdə Fransa və Rusiyanın eyni mövqe tutduqlarını açıqlamış, dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi, Rusiyada siyasi durum, beynəlxalq terrorizmlə mübarizə, Çeçenistanda vəziyyət barədə fikir mübadiləsi apardıqlarını bildirmişlər. Prezident Jak Şirak danışıqlarda Dağlıq Qarabağ problemini də müzakirə etdiklərini xüsusi vurğulamış, münaqişənin sülh yolu ilə həlli sahəsində Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqlarına xüsusi əhəmiyyət verdiklərini, problemin aradan qaldırılması məsələsində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə əməl olunmasını dəstəklədiklərini söyləmişdir.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab vermişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris