ELM VƏ TƏHSİL
“FRANSIZ DİLİNİN LİNQVİSTİKASI, TƏDRİSİ METODİKASI VƏ DİDAKTİK MƏSƏLƏLƏR” MÖVZUSUNDA KONFRANS İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, martın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Fransız dilinin linqvistikası, tədrisi metodikası və didaktik məsələlər” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Fransa, Polşa və digər ölkələrin tanınmış alim və mütəxəssislərinin, təhsil işçilərinin iştirak etdiyi konfransda universitetin prorektoru, dosent Dünyamin Yunusov tədbirin əhəmiyyətini nəzərə çarpdırmışdır. Bildirmişdir ki, ADU–nun fransız dili fakültəsi nəzdində “Filye” qrupu fəaliyyət göstərir. Burada dərslər Fransanın Mark Blok Universitetinin proqramları əsasında keçirilir. Qrupda təhsilini uğurla başa vuran tələbələr Fransa Universitetində təcrübə keçir, tədqiqatla məşğul olurlar.
Fransanın ölkəmizdəki səfiri Amodrik Bernar Düşafon konfransın işinə uğurlar arzulamış, iki ölkə arasında təhsil əlaqələrinin genişləndiyini diqqətə çatdırmışdır.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilmişdir.
Konfrans işini davam etdirir.