CƏMİYYƏT
FRANSIZ GƏNCLƏRİ ARASINDA NARKOTİKLƏRDƏN İSTİFADƏ GETDİKCƏ ARTIR
AZƏRTAC-ın müxbiri Parisdən xəbər verir ki, Fransa hökumətinin ciddi nəzarətinə baxmayaraq, 16-18 yaşlı gənclər arasında narkotik maddələrə meyl artmaqdadır. Aparılmış müşahidələr göstərmişdir ki, son zamanlar ölkədə hər 5 yeniyetmədən biri narkotik otdan hazırlanmış siqaretlərə aludədir.
2003-cü ilin statistik məlumatına görə, hər iki oğlandan biri və qızların isə 41 faizi artıq narkotikin dadına baxmışlar. 16 yaşlı yeniyetmələr arasında iki oğlandan biri və iyirmi qızdan biri ayda 10 dəfə narkotik maddə çəkir.
Narkotiklərdən istifadə edən yeniyetmələr arasında hətta 14-15 yaşlılar da var. Onlar ölkədəki şagirdlərin 1 faizini təşkil edirlər. Erkən yaşlarından siqaret çəkməyə öyrəşən bu yeniyetmələr sonralar narkotik otlara keçirlər. 16-18 yaş arasında narkotik ot çəkənlər ölkədəki yeniyetmələrin 17 faizini təşkil edir. Onların əksəriyyəti litsey şagirdləridir.
Yeniyetmələr arasında narkotik maddələrdən istifadə halların artması Fransa ictimaiyyətində ciddi narahatlıq doğurur.