İDMAN
FUTBOLUN İNKİŞAFINA DAİR AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANMIŞDIR
Sənədin ikinci maddəsində, iki ölkənin yığma futbol komandaları arasında yoldaşlıq görüşlərinin təşkili, Azərbaycanın bütün yaş qrupları üzrə yığma komandalarının Türkiyədə təlim-məşq toplanışlarında iştirakı, habelə gələcəkdə hakimlərin, məşqçilərin, həkimlərin, texniki xidmət heyətinin qonşu ölkədə təcrübə keçməsi üçün şəraitin yaradılması kimi məsələlər əks olunmuşdur.
Sənədin imzalanma mərasimindən sonra, hər iki ölkənin futbol qurumunun rəhbəri kütləvi informasiya vasitələrinin suallarını cavablandırmışlar.
AFFA-nın prezidenti Ramiz Mirzəyev bildirmişdir ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra, ölkə futbolunda müəyyən durğunluq dövrü başlamışdı. Lakin son illər görülən işlər nəticəsində ölkəmizdə bu idman növünün inkişafında müəyyən irəliləyiş yaranmışdır. AFFA prezidenti bu protokolun imzalanması ilə hər iki ölkənin futbol qurumları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə ümid bəslədiyini bildirmişdir.
TFF-nin prezidenti Haluk Ulusoy Azərbaycanda oluğu üç gün ərzində unudulmaz xoş anlar yaşadığını söyləyərək ölkələrimiz arasında əməkdaşlığın bundan sonra daha da möhkəmlənəcəyini vurğulamış, Türkiyənin Azərbaycan futboluna həm maddi, həm də mənəvi cəhətdən dayaq olacağına söz vermişdir.
TFF-nin prezidenti eyni zamanda, FİFA-nın qərarlarına hörmətlə yanaşdıqlarını deyərək, qurumun Türkiyə yığmasına qarşı çıxardığı sərt cəza sanksiyalarına dair məsələdə sona qədər mübarizə aparacaqlarını bildirmişdir.