İDMAN
FUTBOLUN VƏTƏNİ HARADIR?
İdmanın bu ən məşhur və geniş yayılmış növünün azarkeşləri yəqin dərhal cavab verəcəklər ki, əlbəttə, İngiltərədir! Amma Beynəlxalq Futbol İttifaqları Federasiyasının (FİFA) prezidenti Zepp Blatter onları da, belə düşünənləri də məyus etmişdir. O bildirmişdir ki, futbolun vətəni Çindir.
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, FİFA prezidentinin bəyanatı ingilisləri şok vəziyyətinə salmışdır. Çünki indiyədək sadəlövhcəsinə əmin idilər ki, futbolu icad etmək şərəfi məhz onlara məxsusdur.
Z.Blatter 2 min illik tarixi olan Çin mətnlərinə və rəsmlərinə istinad etmişdir – burada “ayaq topu” ilə oyun təsvir və əks olunmuşdur. Bu iki min ildə çinlilərin qədim oyunda diqqətəlayiq uğurları olmasa da, onlar futbola həvəs və maraqları ilə heç kimdən geri qalmırlar. 1 milyard 300 milyon çinlini futbol azarkeşi etmək, həqiqətən, cəlbedici perspektivdir.
FİFA prezidenti, bəlkə də, bu məqsəd naminə “günaha bataraq”, belə bəyanat vermişdir.