İDMAN
FUTBOL ÜZRƏ AVROPA ÇEMPİONATINA YARIM MİLYON QONAQ GƏLƏCƏK
AZƏRTAC-ın müxbirinin Parisdən verdiyi xəbərə görə, 2004-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına baxmaq üçün ölkəyə azı yarım milyon qonaq gələcəyi gözlənilir. Portuqaliyanın kütləvi informasiya vasitələrinin fikrincə, bu, maksimum proqnozdur, aşağı hədd isə 350 min nəfər səviyyəsindədir.
Gözlənildiyinə görə, iyunun 12-dən iyulun 4-dək xüsusilə qonşu İspaniyadan daha çox turist gələcəkdir. Rəsmi nümayəndə heyətləri və jurnalistlər üçün yerlər sifariş edən turizm firması hər gün 400-dək sorğu alır. Portuqaliya Mehmanxanalar Assosiasiyası hesablamışdır ki, çempionatın keçirildiyi günlərdə mehmanxanalardakı yerlərin, orta hesabla, 80 faizi tutulacaqdır. İndi ölkədəki mehmanxanalarda cəmi 200 min yer var. Ona görə də daha 15 mehmanxana tikilir.