İDMAN
FUTBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ İLK TURUNDA SENSASİYA QEYDƏ ALINMIŞDIR
Turun ən gözlənilməz hesabı Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınmışdır. Ötən mövsüm ölkə çempionatının gümüş mükafatçısı “Neftçi” gözlənilmədən doğma meydanda “Turan”a 1:2 hesabı ilə məğlub olmuşdur.
Yüksək yerlər uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyan “İnter” bu ildən güclülər dəstəsinə vəsiqə qazanmış “Masallı” komandasının qapısından 3 cavabsız top keçimişdir. Ötən mövsümdə “Gilan” adı ilə çıxış etmiş “Qəbələ” komandası isə səfərdə güclülər dəstəsinin digər yeni təmsilçisi-“Standard” üzərində 1:0 hesabı ilə qələbə qazanmışdır.
Çempionata hazırlığı Türkiyədə keçirmiş və heyətinə bir neçə güclü oyunçu cəlb etmiş “Qarabağ” səfərdə “Simurq”a 0:1 hesabı ilə məğlub olmuşdur.
Birinci tura avqustun 12-də “Karvan” – “Xəzər-Lənkəran” və “Bakı” - “Gənclərbirliyi” oyunları ilə yekun vurulacaqdır.