İDMAN
Fabiano Karuana: Bakı Şahmat Olimpiadasının təşkilatçıları mükəmməl iş görüblər
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turunda ABŞ millisi bu tura qədər xal itirməmiş Ukraynanı məğlub edib. Görüş 2,5:1,5 hesabı ilə nəticələnib. ABŞ yığmasının lideri Fabiano Karuananın Pavel Elyanovu məğlub etməsi ABŞ-a mühüm qələbə qazandırıb.
AZƏRTAC xəbər verir ki, F.Karuana partiyadan sonra təşkil olunan mətbuat konfransında deyib: “Olimpiada hələ ki istədiyimiz kimi keçir. Altı tur ərzində uduzmamışıq. Üstəlik, Rusiya və Çin kimi komandaları turnir cədvəlində qabaqlayırıq. Bu, uğurlu nəticədir. ABŞ-ın hazırkı heyəti gənclərdən ibarətdir. Ukrayna ilə görüşümüz çətin alındı. Amma mən vəziyyətdən maksimum yararlanmağı bacardım”.
Olimpiadanın istirahət gününün onun işinə yaradığını vurğulayan şahmatçı deyib: “İstirahət günündə şahmat barədə düşünməməyə çalışdım. İstəyirdim ki, beynim dincəlsin. Bu gün isə tam gücümüzlə Ukraynaya qarşı mübarizə apardıq. Sevinirəm ki, güclü rəqib üzərində qələbə qazanmağa müvəffəq olduq”.
Əslən italiyalı olan 24 yaşlı qrossmeyster Bakıda keçirilən Şahmat Olimpiadasının yüksək təşkilatçılığından danışaraq bildirib: “Olimpiada çox yüksək səviyyədə keçirilir. Təşkilatçılar mükəmməl iş görüblər. Bunu görməmək mümkün deyil. Belə gözəl şəraitdə isə idmançılara yalnız əsas diqqəti oyuna yönəltmək qalır”.