İDMAN
Fabreqas: Ronaldunun vurduğu qollar səhvlərin, standart vəziyyətin və penaltinin nəticəsidir
Bakı, 23 iyun, AZƏRTAC
“Çelsi” futbol klubunun yarımmüdafiəçisi Sesk Fabreqas Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, S.Fabreqas dünya çempionatı günlərində Ronaldunun Portuqaliya yığmasının tərkibində tamamilə başqa rol oynadığını, onun əksər hallarda irəlidə qalmasını və bütün meydan boyunca hamıdan çox hərəkət etdiyini bildirib.
S.Fabreqas deyib: “Ronaldu Rusiyada keçirilən turnirin ən əsas ulduzlarındandır. O, 4 top vurmaqla yaxşı start götürdü. Demək olmaz ki, Portuqaliya qol vurmaq üçün əla kombinasiyalar yaratmışdı. Əlbəttə ki, Ronaldunun əziyyətini qiymətləndirməmək düzgün olmazdı, lakin onun vurduğu qollar səhvlərin, standart vəziyyətin və penaltinin nəticəsidir”.