İQTİSADİYYAT


Fabrizio di Amato: “Maire Tecnimont” Azərbaycanda digər tərəfdaşlarla da əməkdaşlıq qurmaqda maraqlıdır

Bakı, 18 iyul, AZƏRTAC

İtaliyanın “Maire Tecnimont” şirkəti “SOCAR Polymer” ilə yanaşı, Azərbaycanda digər tərəfdaşlarla da əməkdaşlıq qurmaqda və bu əməkdaşlığın uzun müddət davam etməsində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato iyulun 18-də Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimində deyib.

Zavodun tikintisini birgə əməkdaşlığın yüksək nümunəsi adlandıran Fabrizio di Amato deyib: “Bu gün biz “Maire Tecnimont” və “SOCAR Polymer” arasında əldə olunmuş əhəmiyyətli bir nəticəni qeyd edirik. SOCAR bizim şirkətin ən önəmli tərəfdaşlarından biridir. “SOCAR Polymer” isə şirkətimiz üçün uzunmüddətli əməkdaşlıqda əvəzolunmaz tərəfdaşdır. Biz şirkətimizin imkanları və texnologiyası hesabına Azərbaycanın sənaye sahəsinin inkişafına verdiyimiz töhfədən dərin məmnunluq hissi duyuruq. Biz, eləcə də bu layihənin Azərbaycan iqtisadiyyatına verəcəyi töhfəni çox diqqətlə izləyirik. Bilirik ki, bu layihə hesabına “SOCAR Polymer” Azərbaycanda ilk dəfə olaraq polipropilen və polietilen istehsal edəcək. Bu, nəinki neft kimyası sahəsində, digər sahələrdə də əməkdaşlığın başlanğıcıdır. Zavodun tikintisində istifadə olunan texnologiyalar İtaliyanın ən müasir texnologiyalarına aid edilir. Zavod iqtisadiyyatın inkişafında və Azərbaycanın sənayesində böyük rol oynayacaq. Çünki bu zavod təbii ehtiyatlardan istifadə hesabına fəaliyyət göstərəcək. Bu layihə, bizim fikrimizcə, Azərbaycan hökuməti və eləcə də cəmiyyəti üçün mühüm mexanizmlərdən birini təşkil edir. “Maire Tecnimont” olaraq bizim Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etmək və əməkdaşlığımızı daha da məhsuldar etməkdir”.

“Zavodun tikintisində təhlükəsizlik baxımından bütün parametrləri nəzərə almaqla işləri həyata keçirməyə çalışmışıq. Bu, Azərbaycan ilə İtaliyanın sənaye sahəsində əməkdaşlığında çox böyük addımdır. Xüsusən vurğulamaq istəyirik ki, İtaliya ilə Azərbaycan və “Maire Tecnimont” ilə “SOCAR Polymer” arasında olan əməkdaşlıq başqa sahələrdə də davam edəcək. Bu, zavodun daha da inkişafına kömək göstərəcək. Zavodun tikintisində işləyənlərin çoxu Azərbaycan vətəndaşıdır. Onlar çox gərgin işləyərək bu layihəni həyata keçiriblər. Bu, Azərbaycan ilə İtaliya arasında texnologiya sahəsində əməkdaşlığın bir nümunəsidir. Ümid edirik ki, bu əməkdaşlıq uzunmüddətli olacaq. “Maire Tecnimont” “SOCAR Polymer” ilə yanaşı, Azərbaycanda digər tərəfdaşlarla da əməkdaşlıq qurmaqda və bu əməkdaşlığın uzun müddət davam etməsində maraqlıdır”, - deyə Fabrizio di Amato bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.