DÜNYA
“Facebook” rəhbərliyi istifadəçilərdən xəbərsiz aparılan eksperimentə görə üzr istəmişdir VİDEO
Bakı, 4 iyul (AZƏRTAC). Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”un əməliyyat direktoru Şeril Sandberq istifadəçilərdən psixoloji eksperimentə görə üzr istəmişdir.
Ş.Sanberqin sözlərinə görə, eksperiment, şirkətin müxtəlif məhsullarının sınaqdan keçirilməsi istiqamətində aparılan tədqiqat işlərinin bir hissəsi olmuşdur. O, istifadəçilərə bu proses haqqında kifayət qədər zəruri informasiya verilmədiyini təəssüflə qeyd etmişdir.
AZƏRTAC Rusiya KİV-lərə istinadla xəbər verir ki, 2012-ci ilin yanvarında həftə ərzində 689 min şəbəkə istifadəçisinin xəbər lentinə vaxtaşırı müxtəlif məlumatlar daxil edilmişdir. Bu məlumatlar “Facebook” istifadəçilərinin əhval-ruhiyyəsinə mənfi təsir göstərmişdir.
Kornella və Kaliforniya universitetlərinin nümayəndələrinin PNAS jurnalında dərc olunan bu tədqiqat işi ictimai rezonans doğurmuşdur. Bəzi psixoloqlar anonim eksperimentlərin qəti əleyhinə olmuşlar. Bundan başqa, müxtəlif bloq səhifələrində və “Twitter” şəbəkəsində istifadəçilər onlardan xəbərsiz aparılan eksperimentdən narazılıqlarını bildirmişlər.
“Facebook” rəhbərliyinin sözlərinə görə, tədqiqat zamanı istifadəçilərin fərdi maraqlarına toxunulmamışdır. Eksperiment verilən tapşırığa əsasən şirkətinin servisini yoxlamaq və istifadəçilərin bu və ya digər kontentə münasibətini öyrənmək məqsədilə aparılmışdır.