İDMAN
Faiq Həsənov: Əminik ki, Azərbaycan çempionatı Naxçıvanda yüksək səviyyədə təşkil ediləcək
Bakı, 28 aprel, AZƏRTAC
Bu il şahmat üzrə Azərbaycan çempionatı Naxçıvanda keçiriləcək. Ölkə şahmat tarixində ilk dəfədir ki, Azərbaycan çempionatı Bakıdan kənarda təşkil ediləcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.
O qeyd edib ki, şahmat ölkəmizdə daha geniş yayılsın deyə, federasiya bir sıra turnirləri müxtəlif rayonlarda keçirməyə üstünlük verir: “On altı yaşlı yeniyetmələr arasında olimpiadalar bir qayda olaraq respublikamızın dağ rayonlarında keçirilir. Burada ayrı-ayrı yaş qruplarında təxminən 500-600 şahmatçı oynayır. Həm şəxsi, həm də komanda yarışlarını yayda dağ rayonlarında təşkil etməkdə məqsədimiz odur ki, uşaqlar yarışda iştirak etməklə yanaşı, valideynləri ilə birgə, həm də istirahət edə bilsinlər. Digər yarışlarımız da bölgələrdə keçirilir. Uşaq, yeniyetmə, gənclər, eləcə də, böyüklər arasında turnirlər, qadınların seçmə yarışları, zona yarışları, bir sözlə, artıq əksər turnirlərin bölgələrdə təşkilinə çalışırıq”.
F.Həsənov Azərbaycan çempionatının Naxçıvanda yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirib: “Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının kişilər arasında çempionatı çox yüksək səviyyədə təşkil edildi. Yarışda Naxçıvanın 12 ən güclü şahmatçısı mübarizə aparırdı. Oyunlar internet vasitəsilə canlı yayımlanırdı ki, dünyanın şahmat həvəskarları bu oyunları izləyə bildilər. Bu cür yüksək səviyyəli təşkilatçılıq bölgələrimizə bir nümunə olmalıdır. Əminik ki, Azərbaycan çempionatı da Naxçıvanda yüksək səviyyədə təşkil ediləcək”.
O qeyd edib ki, son illər Naxçıvan şahmatçıları çox yüksək nailiyyətlər əldə ediblər. Yeddi-səkkiz il bundan əvvəl Naxçıvanda bir nəfər belə FIDE titullu şahmatçının olmasına baxmayaraq, son illər görülən işlər nəticəsində burada beynəlxalq qrossmeyster, beynəlxalq usta, FIDE ustası, beynəlxalq hakim, beynəlxalq yarışlarda yüksək yerlər tutan şahmatçılar yetişib. Prezident İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı”nda məktəblərdə şahmatın inkişafı vacib məsələlərdən biridir. Bu baxımdan Naxçıvanda bütün orta məktəblərdə şahmatın bir fənn kimi tədris edilməsi də yaxşı bir nümunədir.
Vitse-prezident onu da vurğulayıb ki, budəfəki ölkə çempionatında çox güclü şahmatçılar oynayacaq: “İlk dəfə olaraq Azərbaycan çempionatında iştirak edəcək 12 şahmatçıdan 8-i beynəlxalq qrossmeysterdir. Son illərdə Azərbaycan şahmatında yüksək nəticələr əldə edildiyinə görə, Avropa Şahmat İttifaqı bizə etimad göstərib. Belə ki, kişilərdən ibarət Azərbaycan çempionatının qalibi birbaşa dünya kubokuna vəsiqə qazanacaq”.