İDMAN


Faiq Həsənov: Azərbaycan şahmatçılarının Avropa çempionatında ikinci yeri tutması komandamızın böyük uğurudur

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan şahmatçıları yeniyetmə və gənclər arasında Avropa çempionatında uğurla çıxış etdilər. Qitə çempionatında 4 medal qazanan yığmamız Rusiya komandasından sonra ikinci yerdə qərarlaşdı. Bu, şahmatçılarımız üçün çox yaxşı nəticədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.

Müxtəlif yaş qrupları üzrə keçirilən yarışda komandamızın geniş heyətlə iştirak etdiyini vurğulayan F.Həsənov bildirib: “Azərbaycanda uşaq və yeniyetmələr arasında şahmat inkişaf edib və onların idmanın bu növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılır. Avropa çempionatına böyük heyətlə qatılan komandamızın tərkibində beynəlxalq arenalarda keçirilmiş nüfuzlu yarışlarda bir sıra uğurlar əldə etmiş şahmatçılar da mübarizə aparıblar. Onlardan yüksək nəticələr gözləyirdik və komandamız ümidləri doğrultdu”.

Faiq Həsənov bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, şahmatçılar bütün imkanlardan yararlanaraq hazırlıqlarını davam etdirirlər. Uşaq və yeniyetmə şahmatçıların əldə etdikləri yüksək nailiyyət bunun əyani təsdiqidir.

Qeyd edək ki, Avropa çempionatında 18 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçılarından Uğur İlyaslı, 16 yaşlı qızların yarışında isə Ayan Allahverdiyeva qızıl medal qazanıblar. On səkkiz yaşlı qızların yarışında turnirin qalibi ilə eyni - 7 xal toplayan Mələk İsmayıl əlavə göstəricilərə görə, ikinci yeri tutub. Bürünc medalı isə 10 yaşlı qızların turnirində 6,5 xal toplayan Səadət Bəşirli qazanıb. Digər şahmatçılarımızdan Kənan Qarayev (20 yaş), Aytac Heydərova (20 yaş), Ləman Hacıyeva (18 yaş), Şiroğlan Talıbov (16 yaş), Nərmin Abdinova, Səmra Qasımova (14 yaş), Lalə Hüseynova (12 yaş), Yusif Kərimli (10 yaş) ilk onluqda yer alıblar.

Qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edib.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.