İDMAN
Faiq Həsənov: Nicat Abbasov “Grand Swiss 2019” turnirində yüksək səviyyəli oyun nümayiş etdirir
Bakı, 21 oktyabr, Leyla Qurbanova, AZƏRTAC
Oktyabrın 23-də Batumidə start götürəcək kişi və qadın komandaları arasında Avropa çempionatında mübarizə aparacaq yığmamızın heyətində dəyişiklik edilib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov AZƏRTAC-a açıqlamasında gənc şahmatçı Nicat Abbasovun yığmamızın heyətinə daxil edildiyini bildirib. O qeyd edib ki, N.Abbasov heyətdə şəxsi işləri ilə bağlı Avropa çempionatında iştirak edə bilməyən dünya kubokunun son qalibi Teymur Rəcəbovu əvəzləyəcək. Nicat istedadlı şahmatçıdır və son yarışlarda bunu sübut edib.
N.Abbasovun Avropa çempionatında şanslarını yüksək qiymətləndirən F.Həsənov deyib: “Nicat hazırda “Grand Swiss 2019” turnirində yüksək səviyyəli oyun nümayiş etdirir. İnanırıq ki, qitə çempionatında ona bəslənilən ümidləri doğruldacaq. Gənc şahmatçımızın nailiyyətlərini nəzərə alıb onu yığma komandaya dəvət etmişik”.
Vitse-prezident Avropa çempionatında komandamızdan yüksək nəticə gözlədiklərini də bildirib: “Millimiz hazırkı Avropa çempionudur. Ümumiyyətlə, şahmatçılarımıza böyük ümidlər bəsləyirik. İnanırıq ki, onlar Vətənə qələbə ilə qayıdacaqlar”.