CƏMİYYƏT
Faiq Məmmədov: Gənclər təşkilatları dövlətin diqqət və qayğısını hər zaman hiss edirlər
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında iştirak etmək hər bir Azərbaycan gənci kimi mənim üçün də böyük şərəf idi. Çox sevinirdik ki, dövlətimizin başçısı biz gənclərlə görüşür, bizə belə diqqət və qayğı göstərir. Prezident həmin görüşdə bizə istiqamətlər verdi. Hər birimiz bir daha qürur hissi keçirdik ki, bizim belə Prezidentimiz, dövlətimiz var.
Bu fikirləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Faiq Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Faiq Məmmədov bildirib ki, Azərbaycanda Gənclər Gününün qeyd edilməsi ölkəmizdə gənclərə münasibətin ən yüksək səviyyədə olmasının göstəricisidir. Ölkəmizdə bu günün tarixi BMT tərəfindən dünyada Gənclər Günü təsis ediləndən daha əvvələ gedib çıxır. Bu, onu göstərir ki, Azərbaycan hətta bu sahədə də dünyadakı ölkələrdən bir addım irəlidədir. Bu günün qeyd olunması həm də respublikamızda milli-mənəvi dəyərlərin nə qədər sağlam və güclü olduğunu göstərir.
ATGTİ-nın icraçı direktoru qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları dövlətin qayğısını daim hiss edirlər. Gənclərimiz məhz bu diqqət və qayğıya arxalanaraq böyük uğurlar qazanırlar, beynəlxalq konfranslarda ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırırlar. Bu diqqət və qayğının müqabilində biz də göstərilən etimadı layiqincə doğrultmağa səy göstəririk.