İQTİSADİYYAT


Faiz gəlirlərinin vergiyə cəlb olunmasında vahid mexanizm tətbiq olunacaq

Bakı, 17 iyun, AZƏRTAC

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2022-ci il 13 may tarixində imzaladığı Qanuna əsasən, faiz üzrə ödəmələrdən ödəmə mənbəyində verginin tutulmaması mexanizmi faiz gəliri əldə edən bütün hüquqi şəxslərə şamil ediləcək və faiz gəlirləri üzrə vergilənmədə vahid mexanizm tətbiq olunacaq. Belə ki, faiz gəlirini əldə edən bütün hüquqi şəxslərin faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi həyata keçiriləcək.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Elnur Yusifov məlumat verib.

DVX rəsmisi qeyd edib ki, dəyişikliyə əsasən, yalnız rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

“Bu dəyişikliyə qədər bəzi hallar istisna olmaqla, bütün fiziki və hüquqi şəxslərə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulurdu. İstisnalara rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident banklara, həmin qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəliklərinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər aid edilirdi” , - deyə E.Yusifov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.