ELM VƏ TƏHSİL
“Fantaziyanı biç, çantaya çevir” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Fantaziyanı biç, çantaya çevir” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə müsabiqə çərçivəsində hazırlanan ekoçantalar sərgilənib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov müsabiqənin perspektivləri və mahiyyətindən danışıb.
Azərbaycan Milli Geyim Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin təsisçisi, “Worldskills Azerbaijan” platformasının dəb texnologiyaları üzrə səfiri modelyer-dizayner Gülnarə Xəlilova və “Libas” moda evinin həmtəsisçisi, rəssam-dizayner Zemfira Cəfərova bu səpkidə müsabiqələrin gənclərin dəb texnologiyaları ixtisasına olan marağının artırmasına, eləcə də sözügedən ixtisasın inkişafına töhfə verəcəyini vurğulayıb.
Xatırladaq ki, müsabiqə “WorldSkills Azerbaijan” platforması tərəfindən dəb texnologiyaları ixtisasına gənclərin marağını artırmaq və sözügedən ixtisasın inkişafına töhfə vermək məqsədilə təşkil olunub. Müsabiqəyə 14-25 yaşlı bacarıqlı gənclərdən eko-çantalar hazırlayıb təqdim ediblər. Müsabiqəyə qatılmış 60-dan çox iştirakçının təqdim etdikləri əl işləri arasından qalibi müəyyən etmək üçün iki mərhələdən ibarət qiymətləndirmə həyata keçirilib. I mərhələ feysbuk üzərindən keçirilən anonim səsvermədən, II mərhələ isə çantaların münsiflər heyəti tərəfindən 6 meyar üzrə (ideya/eskiz, rəng duyumu, kreativlik, keyfiyyət və istifadə rahatlığı, modelləşdirmə, tikiş və tamamlama) qiymətləndirməsindən ibarət olub. Müvafiq olaraq I mərhələ ümumi qiymətləndirmənin 25, II mərhələ isə 75 faizini təşkil edib.
Münsiflər heyətinin qiymətləndirməsi və feysbuk sosial mediasında keçirilən səsvermə nəticəsində müvafiq olaraq Nadirli Ramilə 78.3 balla I yerə, Cəfərli İlahə 68.8 balla II yerə, Babayev Murad 68 xalla III yerə layiq görülüb. Qaliblərə pul mükafatı, müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platformanın əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyi timsalında “WorldSkills International” təşkilatına 85-ci üzv kimi qəbulu ilə qoyulub. Təşkilata qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən beynəlxalq peşə standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirmək, həmin standartların təhsil sisteminə tətbiq etmək, eləcə də gənc kadrlara ölkəmizi beynəlxalq bacarıq yarışlarında təmsil etmək imkanı yaradır.