MƏDƏNİYYƏT
Fariz Əhmədovun “Sonuncu” filmi mükafata layiq görülüb
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc Qəsr” (Bronze Castle) mükafatına layiq görülüb.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Polşanın Poznan şəhərində keçirilən festivalın uzun metrajlı sənədli filmlər müsabiqəsində “Sonuncu” ilə birgə 13 film yarışıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Herseqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.