İQTİSADİYYAT
Fariz Cəfərov : Hazırda tikinti obyektlərin sayı və orada qurulacaq kameraların texniki tələbləri müəyyənləşdirilir
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanına əsasən, FHN-nin Tikintidə Nəzarət Dövlət Agentliyinin, Vergilər, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əmək bildirişləri sisteminə və digər aidiyyəti informasiya sistemlərinə inteqrasiya olunması nəzərdə tutulub və artıq bu istiqamətdə işlər görülür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.
F.Cəfərov diqqətə çatdırıb ki, hazırda tikinti obyektlərinin sayı və orada qurulacaq kameraların texniki tələbləri müəyyənləşdirilir, yaxın zamanda isə bir sıra binalarda tətbiq edilməyə başlanılacaq.
Qeyd olunub ki, Fərmanla kameraların quraşdırılması tikinti işlərini aparan şirkətlər tərəfindən həyata keçirilməlidir. Onun arxasında dayanan analitik sistem və sistemlərin inteqrasiyası isə dövlət agentliyi və dolayısı ilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılacaq. Kameralar tikinti işləri gedən və gələcəkdə inşaat işləri nəzərdə tutulan çoxmənzilli yaşayış binalarında qurulacaq.