CƏMİYYƏT


Farmasevtika sahəsində Azərbaycan-Argentina əməkdaşlığının gücləndirilməsinin perspektivləri müzakirə olunub

Bakı, 3 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyində Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüş keçirilib. Görüş tanışlıq xarakteri daşıyıb.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, qonaqları salamlayan nazir Teymur Musayev xanım Marianxeles Belluşini Argentinanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.

Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Onun sözlərinə görə, səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Azərbaycan və Argentina əlaqələri beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır. Belə ki, koronavirusla mübarizəyə dəstəyin verilməsi məqsədilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 2021-ci ildə ÜST vasitəsilə Argentinaya 300 min ABŞ dolları məbləğində yardım göstərilib.

Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Rəqəmsal səhiyyə sahəsində Argentina modeli Cənubi Amerikada liderdir. Bu sahədə Argentina təcrübəsinin öyrənilməsi bizim üçün faydalı ola bilər”.

Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan nazir Argentinanın 43 dərman vasitəsinin Azərbaycanda dövlət qeydiyyatından keçdiyini bildirib. Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində xanım Marianxeles Belluşi Argentinanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, dost ölkələrin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Argentina əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.