ELM VƏ TƏHSİL
Faşizm üzərində Qələbədə Azərbaycan xalqının misilsiz rolu olub
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU ) 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov XX yüzillikdə baş vermiş müharibənin dəhşətlərindən, onun insan genefonduna vurduğu böyük zərbədən danışıb. Faşizm üzərində Qələbədə Azərbaycan xalqının misilsiz roluna, o cümlədən layiqli oğul və qızlarımızın 1941-1945-ci illər müharibəsində göstərdiyi rəşadətli döyüş əzminə birmənalı, düzgün mövqedən yanaşmanın vacibliyi xüsusi vurğulanıb.
ATMU-nun ictimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı 1941-1945-ci illər müharibəsində təxminən 700 min nəfərədək azərbaycanlının iştirak etdiyini, onların yarıdan çoxunun həlak olduğunu diqqətə çatdırıb. Alim müharibə dövründə döyüşən orduya hava, su kimi lazım olan neft və neft məhsullarının 80 faizindən çoxunun Bakı neftçiləri tərəfindən istehsal edildiyini bildirib.
Sonra ATMU-nun tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Xaləddin İbrahimlinin “Azərbaycanlılardan ibarət legion diviziyalarının fəaliyyətinə yeni baxış” mövzusunda məruzəsi dinlənilib.
Faşizm üzərində tarixi Qələbənin 70 illiyi münasibətilə keçirilən tədbir mövzuya dair müzakirələrlə başa çatıb.