DÜNYA
Faşızm üzərində qələbənin 76-cı ildönümü Gürcüstanda da qeyd olunub
Tbilisi, 9 may, AZƏRTAC
Faşizm üzərində qələbənin 76-cı ildönümü, 9 May-Qələbə Günü Gürcüstanda da geniş qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın hökumət və dövlət rəsmiləri Tbilisidəki Vake parkında yerləşən Qələbə Memorialı Kompleksi və Naməlum Əsgərin xatirə abidəsi önünə əklil və gül dəstələri düzüb, müharibə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Faşızm üzərində qələbəyə həsr olunmuş bayram tədbirində iştirak edən Baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Kaxa Kuçava veteranları təbrik edib, onların qayğıları ilə maraqlanıblar.
Bayram gəzintisində iştirak edənlər sırasında azərbaycanlı müharibə veteranları və onların ailə üzvləri də olub.
Qeyd edək ki, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə Gürcüstandan 700 minədək insan iştirak edib. Onlardan 300 mini müharibədə həlak olub.
İştirak edənlər və həlak olanlar sırasında çoxlu sayda azərbaycanlı var.
Bildirilib ki, bu gün Gürcüstanda 264 İkinci Dünya müharibəsinin veteranı var. Onların da 115-i paytaxt Tbilisidə, 149-u regionlarda yaşayır.
Gürcüstan hökumətinin qərarı ilə Böyük Vətən müharibəsi veteranlarına 1000 lari (təqribən 290 dollar), həlak olmuş veteranların ailə üzvlərinə isə 500 lari birdəfəlik yardım edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi