REGİONLAR
Faşizm üzərindəki qələbə Azərbaycan xalqı üçün heç də az itkilərlə qazanılmayıb
Ağsu, 9 may, AZƏRTAC
Ağsuda İkinci Dünya müharibəsində qələbənin 76-cı ildönümü qeyd olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən, ağsaqqalların, gənclərin qatıldığı tədbirin iştirakçıları öncə “Qəhrəmanlar parkı” abidə kompleksinin önünə gül-çiçəklər düzüb, faşizm üzərində qələbədə qurban gedən həmyerlilərinin xatirəsini ehtiramla yad ediblər.
Tədbir şəhərin mərkəzində Veteranlar evində təşkil olunan çay süfrəsi arxasında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında faşizm üzərindəki qələbənin Azərbaycan xalqı üçün heç də az itkilərlə qazanılmadığını diqqətə çatdırıb.1941-1945-ci il müharibəsinin və onun nəticələrinin bu gün gənc nəsil üçün bir vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. İcra başçısı ölkəmizdə İkinci Dünya müharibəsinin iştirakçılarına göstərilən diqqət və qayğıdan danışaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il də müharibə iştirakçılarının, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verildiyini söyləmişdir. Bu il 9 May - Qələbə Gününün yüksək əhval-ruhiyyə ilə qeyd edildiyini diqqətə çatdıran natiq xalqımızın uzun illərdən bəri arzusunda olduğu və həsrətlə gözlədiyi günə qovuşduğunu vurğulayıb. Bildirib ki, ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində erməni işğalçıları torpaqlarımızdan qovuldu, Qarabağımız azad edildi.
Çıxış edən ağsaqqallar bu gün ölkəmizdə veteranlara göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon veteranlar təşkilatının sədri Camaləddin Zeynalov deyib ki, Ağsudan cəbhəyə 3221 nəfər gedib: “Onların 1564-ü geri qayıtmayıb. Bu, ağır itkidir. Geri qayıdanların da çoxu orden və medallara layiq görülüblər. Onların sırasında yüksək orden və medallara layiq görülmüş Ağaqulu Ömərov, Əzizxan Soltanov, Ağacan İbrahimov və onlarla başqalarının adları bu gün hörmətlə çəkilir. Artıq rayonda sağ qalan 1941-1945-ci il müharıbəsinin veteranı yoxdur. Sonuncu veteranımız olan Əlipənah Şirəliyev ötən il mayın 20-də dünyasını dəyişib”.