İQTİSADİYYAT


Fatih Birol: Səudiyyə Ərəbistanı, Küveyt və Rusiya neft istehsalını daha da artırmalıdır

Bakı, 2 noyabr, Nihad Budaqov, AZƏRTAC

Səudiyyə Ərəbistanı, Küveyt və Rusiya neft istehsalını daha da artırmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bloomberg HT”yə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

O bildirib ki, dünyada neftə olan tələbat hələ də sürətlə artır: “İstehsal baxımından iki problem var. Bunların biri Venesuela, digəri də İrandır. Venesuela yaxın müddətə qədər 2,4 milyon barrel neft istehsal edirdi. Hazırda bu göstərici 1,2 milyon barrelə düşüb. Neft tarixində istehsalın bu qədər qısa müddətdə və belə böyük həcmdə azaldığı başqa ölkə olmayıb. İstehsal daha da azala bilər. İran isə gündəlik 2,7 milyon barrel neft istehsal edirdi. Hazırda hasilat 1,8 milyon barrelə düşüb. ABŞ-ın sanksiyalarından sonra İranın neft istehsalının hansı həcmdə azalacağı isə sual altındadır”.

“Bir ay əvvəl neftin qiyməti 86 dollar/barrelə çatmışdı, hətta “qırmızı bölgə”yə girirdi. Çünki bu, qlobal iqtisadiyyatı təhdid edən səviyyə idi. İstehsalçı ölkələrə birgə hərəkət edərək hasilatı artırma çağırışı etdim. Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq əllərindən gələni etdilər və istehsalı artırdılar. Bazarlarda sabitlik oldu və qiymət 73 dollar/barrelə qədər düşdü. Bu da neftin qiymətinin iqtisadiyyatları üzərində təyinedici olduğu ölkələr üçün gözəl xəbərdir”, - deyə F.Birol əlavə edib.

Səudiyyə Ərəbistanı, Küveyt və Rusiyanın neft istehsalını daha da artırmalı olduğunu deyən IEA-nın icraçı direktoru qeyd edib: “Yoxsa neftin qiymətində yenidən sıçrayış ola bilər. Lakin həmin ölkələrin məsuliyyəti öz üzərlərinə götürərək qiymətin daha çox artmasına maneə olacaqlarını düşünürəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.