İQTİSADİYYAT


Fatih Birol: Virusun “ikinci dalğası” bəzi sənayelərə sarsıdıcı zərbə vura bilər

Bakı, 27 iyun, AZƏRTAC

Koronavirusun “ikinci dalğası” bəzi sənayelər və enerji sektorundakı bəzi oyunçular üçün sarsıdıcı zərbə olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

O bildirib ki, aprel ayı dünya neft sənayesi üçün “qara aprel” olub, qiymətlər mənfiyə düşüb, hazırda isə neft bazarında gözləntilərə uyğun bərpa prosesi davam edir. Bərpa prosesinə səbəb “OPEC+” ölkələrinin neft istehsalını ciddi şəkildə azaltmalarıdır. OPEC-ə üzv olmayan ABŞ-da da neft hasilatı azalır, həmçinin insanlar yavaş-yavaş sosial təcriddən çıxır və bu, tələbatın artmasına səbəb olur. Buna görə də hazırda neft bazarında canlanma müşahidə edilir.

F.Birol qeyd edib: “Neft qiymətlərinin uzun müddət 5-10 dollar/barrel səviyyəsində qalması qlobal enerji sektoruna ciddi təsir edib. Bu, həm neft şirkətlərinə, həm də iqtisadiyyatı neftdən asılı olan Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrin iqtisadiyyatlarına ağır zərbələr vurub. Neft sektoruna qoyulan investisiyalarda da ciddi azalmalar olub. Ciddi ixtisarlar olub, minlərlə insan işsiz qalıb. İraq, Əlcəzair, Venesuela və İran kimi iqtisadiyyatı “kövrək” ölkələrin artım tempi aşağı düşüb”.

“Qarşıdakı 6 ayda iqtisadiyyatda 3 kritik qeyri-müəyyənlik olacaq. Birincisi virusun “ikinci dalğası” olacaqmı? İkincisi bərpa prosesi necə davam edəcək? Üçüncüsü isə noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsi necə olacaq? Bütün bu prosesləri izləmək lazımdır”, - deyə o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.