İDMAN
Fatimə Yavərli: Milli Gimnastika Arenasında möhtəşəm ab-hava var
Bakı, 13 oktyabr, AZƏRTAC
Topla proqramdan sonra gürzlər və lentlə də çıxış edəcəyəm. Birinci çıxışımı qənaətbəxş hesab edirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı Fatimə Yavərli deyib.
İlk çıxışında səhvə yol verdiyini vurğulayan gimnast bildirib: “Çox həyəcanlıyam, çünki ilk dəfə yarışda lentlə çıxışımı təqdim edəcəyəm. Xalçaya çıxanda özümü ələ almağa çalışır və fikrimi təqdim edəcəyim proqrama cəmləyirəm. Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir. Həmişə olduğu kimi, bu yarışda da azarkeşlərin dəstəyi bizi çox sevindirir”.
Yarışda Bakı və bölgələrdən ümumilikdə 200-dən çox idmançı iştirak edir. Paytaxt üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Ay-Ulduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışırlar.