SİYASƏT


Fatma Yıldırım: Azad edilmiş ərazilərin dirçəldilməsi üçün həmrəylik və beynəlxalq dəstək böyük əhəmiyyətə malikdir

Bakı, 2 iyul, AZƏRTAC

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Paytaxtımız gündən-günə daha da gözəlləşir və müasirləşir. Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasında da doğma şəhərimizlə bağlı xoş sözlər deyildi. Azərbaycan Prezidenti İlham Əliyev sessiya çərçivəsində videoformatda dərin məzmunlu çıxış edərək ölkəmizə həyata keçirilən quruculuq işləri haqqında əhatəli şəkildə fikirlərini ifadə etdi.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım AZƏRTAC-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Ən gözəl şəhərlərdən biri hesab olunan paytaxt şəhərimiz misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Dövlətimizin başçısı sessiyada çıxışı zamanı Ermənistanın işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın dövrdə həmin ərazilərin tamamilə dağıdıldığını diqqətə çatdırıb. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək əsl vandalizm törədib.

Deputatın sözlərinə görə, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamını gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni şəhərlər, kəndlər salınır, yeni infrastruktur yaradılır. Ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır. Bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.

“BMT-nin Yaşayış Məskənləri Proqramı tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumu keçirilir. Bu platforma 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın (I HABITAT konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. UN-HABITATIN icraçı direktoru malayziyalı xanım Maimuna Mohd Şərif 2022-ci ilin martında ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində icraçı direktor işğaldan azad edilmiş Ağdam şəhərində olub. UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir. Ümid edirik ki, bu platforma çərçivəsində beynəlxalq birlik işğaldan azad olunmuş ərazilərimizin bərpasında öz töhfələrini verəcək”, - deyə Fatma Yıldırım vurğulayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.