SİYASƏT


Fazil Mustafa: Azərbaycan və çeçen xalqları arasında hər zaman dostluq, qarşılıqlı etimad münasibətləri olub

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan və çeçen xalqları arasında hər zaman dostluq, qarşılıqlı etimad münasibətləri olub. Bu, bir çox qüvvələri narahat edir. Xüsusi qüvvələr var ki, xırda, şəxsi xarakterli hər hansı təxribatçı hərəkətlərlə bu münasibətləri korlamağa çalışırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat deyib ki, bəzən müəyyən proseslərin içərisində şəxsi xarakterli intriqalar, yaxud insidentlər baş verə bilir. Amma bunu bir-birinə qardaş olan iki xalq arasında düşmənçilik amilinə çevirmək qətiyyən yolverilməzdir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun açıqlaması, onun ardınca Çeçenistan Respublikası nazirinin münasibət bildirməsi məsələnin nə qədər həssas olduğunu göstərir. İki xalqın qardaşlıq, dostluq münasibətlərinə xələl gətirən hər hansı bir addımın yolverilməzliyi birmənalı şəkildə qəbul olunur. Ona görə də belə insidentlərin təkrar yaşanmasına imkan verilməməlidir ki, kənar qüvvələr bundan öz təxribatları üçün istifadə edə bilməsinlər.

“Hesab edirəm ki, bu hadisə Azərbaycan-Çeçenistan dostluğuna heç bir zərər verə bilməz, əksinə münasibətlərimiz daha da möhkəmlənəcək. Çünki hər iki tərəf anladı ki, bu cür insidentlər bizi istəməyən qüvvələrin əlində bir alətə çevrilə bilər. Bizim çeçen xalqı ilə heç bir problemimiz yoxdur və onların da Azərbaycan xalqı ilə problemləri yoxdur. Ən ağır vaxtlarında çeçen xalqına dəstək verən azərbaycanlılar olub. Çeçenlər Qarabağ müharibəsində azərbaycanlılara dəstək veriblər. Biz bunu unutmuruq və bu qardaşlığın bundan sonra da davam etməsi hər iki xalqın ancaq xeyrinədir”, - deyə Fazil Mustafa qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.