SİYASƏT
Fazil Mustafa: Uşaqlar demokratik cəmiyyət quruculuğuna cəlb edilməlidirlər
Strasburq, 24 yanvar, AZƏRTAC
Uşaqları dinləmədən əsil demokratik cəmiyyətlər qurula bilməz. Bir sıra ölkələr 16 yaşından səsvermə hüququnu təsdiqləyən qanunlar hazırlayıblar. Bu, uşaq hüquqları və siyasi sistemlər haqqında daha çox məlumatlılığa imkan yaradacaq, məktəblərdə və digər gənclər səviyyəsində vətəndaşlıq hüquqların tədrisini təşviq edəcək. Uşaqları dinləmək, onlara istədiklərini etmək üçün sərbəstlik vermək deyil. Əksinə, bu, uşaqlara cəmiyyətdəki rolları haqqında düşünməyə imkan verir və onların fikirlərini düzgün şəkildə ifadə etmək bacarıqlarını artırmağa kömək olur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında “Dinlənmək hüququ: uşaqların iştirakı demokratik cəmiyyətlər üçün təməldir” və “İqlim dəyişikliyi ilə bağlı fəaliyyətsizlik, uşaq hüquqlarının pozulmasıdır” adlı məruzələr üzrə müzakirələrdə qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa söyləyib. O bildirib ki, uşaqların demokratik cəmiyyət quruculuğunda iştirakı BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sında təsbit olunur və buna görə də beynəlxalq hüquqi öhdəlikdir. BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyi uşaqların iştirak hüququnu dayanıqlı inkişaf məqsədlərinə nail olmağın ən vacib hissəsi kimi tanıyır.
Fazil Mustafa qeyd edib ki, uşaqlar ehtiyaclarını ən yaxşı özləri bilirlər, onlarla bağlı hər bir müzakirədə iştirak etməlidirlər. Uşaqların iştirakı onların psixoloji inkişafına, məsuliyyətlilik hissinə, ünsiyyət bacarıqlarına da əhəmiyyətli dərəcədə təsir edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq